Soltan
          Soltanli

 
22.02.2021  
 

Rəngləri eşitmək, irreal həyatı görmək, gələcəyi hiss etmək duyğusu

Yunus Əmrə İnstitutunda rəssam Soltan Soltanlının sərgisindən təəssüratlar

Rəssamlıq sənəti çoxşaxəli və çoxistiqamətlidir.
Ümumiyyətlə, düşünürəm ki, təsviri sənət bəlkə də yeganə incəsənət sahəsidir ki, orda çoxsaylı "izm"lər mövcuddur - realizm, onun qolları naturalizm, impressionizm, daha sonra sürrealizm, romantizm...O qədərdi ki, adam lap bu "izm"lər meşəsində azıb qala bilər. Buna baxmayaraq, təsviri sənətlə, onun müxtəlif sahələri ilə hələ uşaqlıqdan maraqlanıram; axı özüm də bir vaxtlar (orta məktəbdə) qəribə-qəribə şəkillər çəkərdim, gah qələmlə, gah fırçayla... ağ kağızlar bir yana, əllərimi, üz-gözümü də rənglərə bulaşdırardım. Sonra o şəkillərə baxanda heç nə başa düşməzdim. Bəlkə də buna görə fırçanı atdım, qələmdən yapışdım. Sonralar rəssamlarımızın əsərlərinə tamaşa edəndə anladım ki, bu sahə incəsənətin ən nəhəng, ən maraqlı, ən ağır zəhmət və idrak tələb edən sahələrindən biridir; onu başa düşmək üçün gərək ən azından rəssam qədər intellektin və gözün ola. Bu cəhətdən mən rəssamlara qibtə edirəm, onların yaratdıqları real və irreal dünyaya həsəd aparır, maraqla baxıram.
Azərbaycan rəssamı Soltan Soltanlının təqdim olunan sərgisinin ilk öncə adı marağıma səbəb oldu: irrealizm. Görəsən bizim rəssamımız yeni nə deyəcək? Görəsən Soltanın yaratdıqlarında fərqli bir üslub görə biləcəyəmmi? Görəsən rəssamın "irrealizm" adlandırdığı bu sərgisində hansı fəlsəfi düşüncə, hansı estetik fikir, ya da çalar var?........Əlbəttə, suallar çoxdur, bəlkə də mütəxəssislərə avam görünə bilər; mənim qənaətim peşəkar qiymətləndiricinin, ya da bu sahənin sırf sənətşünasının fikirlərindən uzaqdır. Bu əsərləri mütəxəssislər daha yaxşı anlaya və təhlil edə bilərlər. Mən isə sadəcə hazırlıqlı tamaşaçı kimi deyə bilərəm: dünya, sənin daha bir azərbaycanlı rəssamın var! Soltanın əsərlərinə tamaşa edərkən ağlıma gələn ilk fikir də elə bu oldu.
Hansı cəhətlər diqqətimi çəkdi? İlk növbədə məntiq və idrakdan doğan məzmunun demək olar ki, bütün klassik mövzuları əhatə etməsi və onların yeni irreal formada təqdim edilməsi. Həm məzmuna, həm də formaya nəfəs verən rənglərin sadə strukturu. Bəli, bəli, rənglərin də kəmiyyət baxımdan sadə strukturu olur. Misal üçün üç-dörd rəngdən istifadə etməklə bütöv bir dünya yaratmaq mümkündür. (Məgər göy qurşağı deyilən əsrarəngiz mənzərədə sadəcə üç-dörd rəng görmürsənmi?). Bundan başqa, mənə yenilik kimi görünən Soltanın rəsmlərindəki insanın, əşyanın, əlamətin, hadisənin gerçək olmayan halətlərinin gerçəkliklərlə səsləşməsidir, səssiz-səmirsiz, sakit və qışqırıqsız danışmasıydı: baxın, əslində mənim irreal halətim reallıqdan doğur. Düşüncənizi arzu və xəyallarınıza qarışdırın, uçun, qanadlanın, hər şeyi görün və eşidin. Rəngi də, suyu da, gülləri də, səmanı da, daşı da, düşüncəni də eşitmək olar! Özü də çox sadə bir yolla, üsulla. Təki eşitmək istəyin olsun. Ən böyük müdriklik mürəkkəb bir ideyanı, fikri sadə və aydın sözlə ifadə etməkdir. Əlbəttə, "irrealism" bəlkə də həyat və kosmik düşüncənin qarışığıdır, amma bütün hallarda orda həyat var, orda anlaşıqlı düşüncə tərzi var. Məncə, Soltanın yeniliyi həm də bundadır ki, o, məhz kosmik sürətli Düşüncəni bizim üçün yaxınlaşdırır, ona nəfəs verir, belə demək olarsa, ona irreal, cəlbedici bir həyat verir, onu əsas Qəhrəmana çevirir...
Konkret misallar da çəkə bilərəm: "Qadın buludla": qadın buludları iplə bağlayıb, ipin ucu isə qadının əlindədir. Özü isə yaşıl çəmənlikdə uzanıb əylənir. İndi buludların taleyi də onun əlindədir... Rənglər - mavi, yaşıl, ağ, qara və qəhvəyi. Göz yorğunluğu yoxdur, Düşüncə isə kosmikdir. Uçan düşüncə. Yaxud, insanın ayaqqabısının altına at nalı vurulur, əllərində isə qandal, ixtiyarı öz əlində deyil; ya da elə başqa bir təsvirdə atın sahibi insan onun belindədir, amma at sahibinin belinin üstündə isə daha bir yekəpər oturub, əlində də qırmanc; yaxud başsız atlının əlində silah var, başlı atlıyla qarşılaşır, başlı atlı əyilir (əzilir!) – kimin əlində silah var, o, güclüdür məntiqi irreal formada təqdim edilir, ya da elə səngərdə Vətən keşiyini çəkən əsgərlər əlində avtomat (realdır), lakin onların hər birinin yanında qəbir var, təbiidir, müharibə ölüm deməkdir, hər bir əsgər döyüşə gedərkən ölümə gedir; bu təsvirlərdə məzmun və ideya bir yana, rənglərin quruluşu da sadədir, səni yormur. Soltanın irreal həyat lövhələri və təsvirləri sanki emosional hipnoz yaradır; bu üslub yenidir, anlayış və rəmzin dərk edilməsində yardımçı vasitələrdən istifadə etmək üslubudur. Bu zaman həyat həqiqətlərini daha asan və rahat anlamaq olur. Rəngi və Düşüncəni eşitmək olarmı? Rəsmdən yaz ətrini duymaq olarmı?
Mən Soltanın sərgisində rəngləri eşitdim, yeni Düşüncənin, yeni həyatın ətrini duydum, gələcəyi hiss etdim. Daha sadə dillə desək, keçmişin, bu günün və gələcəyin sintezini gördüm. Məncə, sadə fəlsəfə budur. Və bir daha deyirəm: dünya, sənin daha bir rəssamın var- azərbaycanlı Soltan Soltanlı! Mübarəksən!

Kamran Nəzirli, yazıçı

19 fevral, 2018-ci il

 
     
© Soltan Soltanli (2017)