Soltan
          Soltanli

 
14.2.2018

“İRREALİZM” SƏRGİSİNİN AÇILIŞI KEÇİRİLƏCƏK

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə fevralın 19-u saat 17.00-da adıçəkilən institutun sərgi salonunda tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı keçiriləcək. Sərgidə rəssamın irreal üslubda yaratdığı 50-ə yaxın rəngkarlıq əsəri nümayiş etdiriləcək.
İrrealizm təsviri sənətdə yeni üslubdur. “İrreal” – gerçək olmayan deməkdir ki, bu da S.Soltanlının fantaziyalarına əsaslanan yaradıcılığını xarakterizə edir. Tədbirdə üslubun təqdimatı keçiriləcək, onun çağdaş rəssamlıqda bədii estetik prinsipləri, tələbləri haqqında danışılacaq.
S.Soltanlının fikrincə, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. Rəssamlıq insanları həyata, gələcəyə inandırmalı, onlarda dəhşətli bədbinlik, qorxunc düşüncələr yaratmamalı, tamaşaçını çıxılmazlığa, anlaşılmazlığa salmamalıdır. Soltanın düşüncəsinə görə, rəssamlıqda tamaşaçı üçün dərkedilməz əsər yoxdur, müəllifin idraki yetərsizliyindən yaranan əsər var. Bu baxımdan irrealizm ilk olaraq müəllif qarşısında ciddi tələblər qoyur, tamaşaçını gerçəkliyin mahiyyətinə çatdırır, düşünməsi üçün yeni imkanlar açır.
S.Soltanlı həm də qrafik və karikaturaçıdır. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəssamın əsərləri beynəlxalq kataloqlarda yer alıb. Onun əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır. Bu sərgi sizin rəssamlıq haqqında düşüncələrinizi dəyişəcək.
Sərgi fevralın 23-dək davam edəcək.

Açılış: 19 Fevral 2018-ci il
Saat: 17:00 / Yer: Bakı Yunus Əmrə İnstitutu

Daha Ətraflı Məlumat Üçün:
Bakı Yunus Emre İnstitutu
Ünvan: Nəsimi Rayonu, Rəşid Behbudov Prospekti 142
Telefon: +99412 440 31 05
E poçt: baku@yee.org.tr

 
     
© Soltan Soltanli (2017)