Soltan
       Soltanli

  17.01.2019
 

“Yüksək ideyalar yolunda”

Rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərinin sərgisi

Yanvarın 14-də “İrşad” hotelində tanınmış rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərginin açılış mərasimi keçirildi. Tədbirdə rəssamın həmkarları, sənətsevərlər və ictimaiyyət nümayəndələri iştirak edirdi.

“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyev çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Soltan Soltanlının qeyri-adi yaradıcılıq üslubundan söz açaraq onun əsərlərini Azərbaycan rəssamlığında yeni yanaşma kimi dəyərləndirdi: “Hər bir rəssam həyata, rənglərə başqalarından daha fərqli yanaşır. Soltan Soltanlı da öz yaradıcılıq üslubu ilə əsərlərinə diqqəti cəlb etməyi və insanları düşündürməyi bacaran rəssamdır”.

Rəssam Soltan Soltanlı tədbir iştirakçılarına təşəkkür edərək sərgi haqqında məlumat verdi: “İstəmişəm ki, əsərlərimdə insanlara gələcəyə inam, romantika, həyatı sevməyi aşılayım. Buna nə qədər nail olmağıma isə siz tamaşaçılar qərar verə bilərsiniz. Mənə görə, sənətin başlıca mövzusu insandır. Sərginin adının da “Yüksək ideyalar yolunda” olması bu məqsədə xidmət edir. Hər bir sənətkar yaradıcılığında yüksək ideyalara can atır. Həqiqi sənət həyatı sadəcə təsvir etmək, göstərmək, təqlid etmək yox, onun mənası ilə insanları tanış etməkdir. Mənim əsərlərim də bu istəkdən yaranıb”.

Professor Nizami Tağısoy, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və yazıçı Fazil Güney çıxış edərək sərgidə nümayiş olunan əsərlərin yüksək bədii-estetik keyfiyyətlərindən danışdılar. Qeyd olundu ki, Soltan Soltanlı ölkəmizdə yaxşı tanınmaqla yanaşı, dünyanın bir çox ölkələrində də Azərbaycanın təsviri sənətini layiqincə təmsil edir. Vurğulandı ki, onun əsərlərinin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə göstərməkdir.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunur. Rəsmlər böyük maraqla qarşılandı.

Yanvarın 17-dək davam edəcək sərgidə rəssamın irreal üslubda yaratdığı “Gələcəyin şəhəri”, “Atotaran”, “Gizli qalmış gözəllik”, “Əsir qadın”, “Kəpənəktutan qadın”, “Xəstə qızılgüllər”, “Ala qoyun hara getdi” və başqa əsərlər nümayiş olunur.

Qeyd edək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Bir çox beynəlxalq yarışma və sərgilərdə mükafatlara layiq görülüb. Rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın sadə şəkildə təqdiminə xidmət edir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam əsərləri ilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyətini göstərməyə çalışır. O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır.

F.HÜSEYNOV

     
© Soltan Soltanli (2017)