Soltan
          Soltanli

 
22.02.2021  
 

Hazırda karikaturaya görə müəllifə qonorar verən mətbuat orqanı yoxdur - Müsahibə

İnnovasiya inkişaf etdikcə, texnologiya dövrü keçmişi əvəzlədikcə bir çox peşələrə də maraq azalır. O peşələr ki, onlar daha çox istedad tələb edir. Dövrümüzdə marağın azaldığı sahələrdən biri də rəsm, karikatura sahəsidir. Hafta.az-ın budəfəki müsahibi karikaturaçı Soltan Soltanlıdır. Müsahibəni təqdim edirik.

- İlk öncə oxucular üçün özünüz haqqında məlumat verməyinizdən başlardınız...

- 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulmuşam. Atam zəngin kitabxana yaratmışdı. Bütün bunlar mənim dünyagörüşümün formalaşmasına təsir edib. Rəsm çəkməyə başlayanda hələ məktəbə getmirdim. Orta məktəb illərində içimdə rəssamlığa qarşısıalınmaz istək vardı. Rəssamlıq üzrə təhsil almaq istəyirdim, amma baş tutmadı. Nə yaxşı ki, rəssamlıq təhsili almadım. Yoxsa öz yolumu tapmazdım.

- Niyə baş tutmadı, mane olan nə idi?

- Atam rəssam olmağıma qarşı idi. Bunun da səbəbləri vardı. Deyirdi, elə sənət seç ki, ac qalmayasan. Doğrudan da, rəssamlıq yolunda hər sayaq çətinliyi gördüm, ancaq usanmadım.

- Karikatura çəkirsiniz. Bu sahə amma hazırki dövr üçün sanki öləziyir. Buna səbəb nə ola bilər?

- Peşəkar yaradıcılığa karikaturaçı kimi başlamışam. Amma təkcə karikaturaçı deyiləm. Mən rəngkarlıq, qrafika və karikatura ilə məşğul oluram. Bu üç sahənin hər biri ayrıca yoldur. Hələ ki, hər üçünü bir arada apara bilirəm. Karikatura hazırda dünyada ən yayğın janrdır. Hər il bu sahədə onlarla beynəlxalq yarışma, sərgi və festivallar keçirilir. Mən 1997-ci ildən bu yarışmalarda iştirak edirəm və bir sıra beynəlxalq mükafatlar qazanmışam.

- Azərbaycanda karikatura sənəti hansı səviyyədədir?

- Azərbaycanda karikatura sənətinin böyük tarixi ənənəsi var. “Molla Nəsrəddin” jurnalını nəzərdə tuturam. Ölkəmizdə indi barmaq sayda rəssam karikatura ilə məşğul olur. Bunun başlıca səbəbi bizdə müstəqil mətbuatın yoxluğudur. Dünya mediasında karikatura önəmli yer tutur. Hazırda bizdə heç bir qəzet karikatura çap etmir. Üstəlik, ayrıca satirik mətbuat yoxdur. Düzdür, “Kirpi”ni hələ də köşklərdə görmək olur, ancaq sovet dönəmindəki təsiri indi yoxdur. Bunun da başlıca səbəbi odur ki, indi eybəcərlik o qədər artıb ki, artıq heç kimdən və heç nədən qorxmur. Tərsinə, indi eybəcərlik adamın üstünə gəlir.

- Əvvəllər bu sahəyə maraq olduğuna görə, karikatura çəkənlərə ehtiyac çox idi. İndi sizə müraciət edən varmı?

- Hazırda Azərbaycanda karikatura çap edən və buna görə müəllifə qonarar verən mətbuat orqanı yoxdur. Mən başlıca olaraq beynəlxalq yarışmalar üçün çəkirəm.

- Sizi əsasən hansı mövzular sizi cəlb edir?

- Ağla gəlməyən mövzularda çəkirəm. Hamının ağlına gələn kimə gərəkdir ki? Çox zaman öncədən hansı mövzuda çəkəcəyimi bilmirəm. Sadəcə gərgin düşünməliyəm. Karikatura düşüncə sənətidir. Düşüncədən yaranmayan hansısa əsərim yoxdur.

- Rəsm çəkənlə, karikatura çəkən adam arasında fərq nədir?

- Rəsmi bütün rəssamlar çəkə bilər. Karikaturanı hər rəssam çəkə bilməz. İçində satira ruhu olmayan rəssam karikatura çəkə bilməz.

- Karikatura çəkmək üçün rəsm çəkmək bacarığından əlavə hansı bilikləri bilməlisən?

- Karikatura sadəcə təsvir deyil, baxmayaraq ki, sadə cizgilərlə böyük düşüncələri ifadə edir. Karikatura fərqli düşüncə biçimi, sənətidir. Düşünməyi bacaran yaxşı mövzular tapa bilir. Burada düşüncə işi ayrıca bir bacarıqdır. Mən düşünməyə daha çox vaxt sərf edirəm, nəinki karikatura çəkməyə. Düşünmək mənə fərəh, zövq verir. Hər bir əsərimi bədii kəşf, tapıntı sayıram. Boş yerdən də düşünmək olmur. Təbii ki, geniş dünyagörüşü də əsas şərtdir. Beləliklə, dərin düşünmək, sadə çəkmək gərəkdir. Elm sübut edib ki, ən sağlam düşüncə yumorlu düşüncədir. Çünki burada həyata sağlam münasibət var. Həyata, gerçəkliyə münasibəti olmayan sənət kimsəyə gərək deyil.

- Hansı əsəriniz var ki, o ölkə üçün əhəmiyyətli sayıla bilər?

- Bütün əsərlərimi təkcə Azərbaycan üçün yox, dünya təsviri sənəti üçün önəmli hadisə sayıram. Amma Azərbaycanda təkcə Müasir İncəsənət Muzeyində əsərim var. Başqa muzeylərimizdə əsərlərim yoxdur. Dünyanın çox ölkəsində muzey və şəxsi kolleksiyalarda əsərlərim saxlanılır.

- Bu sahədə kimi ideal hesab edirsiniz və onun çəkdiləri sizə işıq yolu olur?

- Sənətdə heç kimi yamsılamıram, öz yolumla gedirəm. Bütün əsərlərimdə tamaşaçını dərin düşüncə və təəssüratla üz-üzə qoymağa çalışıram. Tamaşaçını aldatmıram, “sən məni başa düşmürsən” cəfəngiyyatından uzağam. Rəssamlıqda anlaşılmayan əsər yoxdur, müəllifin idraki yetərsizliyindən yaranan əsər var. Ona görə tamaşaçını həmişə haqlı sayıram.

- Çəkilməyən karikatura varmı, siz çəkməyi planlaşdırırsınız. Hansı ki, o karikaturanı çəkmək sizin özünüz üçün də maraqlıdır.

-Həm rəngkarlıqda, həm də karikaturada çəkilməyən yüzlərlə mövzularım var. Bunlar hər zaman etdiyim qaralamalardır. Mən tez-tez oradakı ideyalara qayıdır, onları yenidən işləyirəm.

- Bir karikatura çəkmək üçün nə qədər vaxt sərf edirsiniz?

- Bu karikaturanın ölçüsündən də asılı olur. Bayaq dediyim kimi, daha çox vaxtım düşünməyə gedir. Çəkmək 1-2 saat vaxt aparır.

- Kimsə sifariş verəndə, o mövzu ürəyinizə yatmasa maddiyyat üçün çəkmisiz heç?

- Karikaturada demək olar yalnız öz düşündüyümü çəkirəm. İki il öncə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Nef Şirkətinin birgə layihəsi əsasında “Molla Nəsrəddin lətifələri” kitabı nəfis tərtibatla çap olundu. Həmin kitaba 48 karikatura çəkdim.

- Bu sahəyə marağı artırmaq üçün hansı yeniliklər etmək olar?

-Azad mətbuat olsa, hər şey düzələr. Azərbaycanda hələ ki bu, mümkün deyil.

Ruzbeh Məmməd

"Həftə içi" qəzeti
17.09.2020

 

 

 
     
© Soltan Soltanli (2017)