Müasir İncəsənət Muzeyində tanınmış rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı sərgisi açılıb.
Sərgidə rəssamın son illərdə yaratdığı 55 rəngkarlıq, 25 qrafik əsəri nümayiş olunur.
Açılışa qatılan çoxsaylı sənətsevərlər qarşısında çıxış edən Soltan Soltanlı deyib: “Fikrimcə, rəsm əsəri tamaşaçı ilə danışmalı, özünü ona izhar etməli, tablo ilə seyrçi arasında hansısa anlaşılmazlıq qalmamalıdır. Ona görə bu gün sərgidə görəcəyiniz əsərlərimi mümkün olduqca “danışdırmışam”, ən dərin anlamları onlara yükləmişəm, düşüncə və duyğularımı tamaşaçılara sadə yolla çatdırmağa çalışmışam".
Rəssam sənəti insan həyatına yön verən, yol göstərən amil kimi gördüyünü deyir. “Düşünürəm ki, tamaşaçı sənətin aydınladan və təmizləyən gücü ilə mənəvi dincliyə, rahatlığa qovuşa bilər. Bunun üçün müasir incəsənətin üzərinə böyük işlər düşür. Fikrimcə, müasir incəsənət tamaşaçılarda asanlıqla tez ərsəyə gələn, istəyən hər kəsin çətinlik çəkmədən yarada biləcəyi bir rəssamlıq sahəsi təəssüratı formalaşdırmamalıdır. Bunun üçün müasir incəsənət öz varlığını, taleyini anlatmalı, düşüncəyə bağlamalıdır", – deyə rəssam bildirib.
Sərgidəki əsərlərin hansı üsluba aid olmasına gəlincə, rəssam bildirib ki, əvvəllər özünü sürrealizm, primitivizm və s. bu kimi cərəyanların birinə aid edirdi: “Sonra gördüm ki, hansısa cərəyana aid olmaq, onlarla məhdudlaşmaq deməkdir. Əslində mən "anlam"a aidəm. Bu isə mənə hər hansı cərəyanla məhdudlaşmamaq imkanı verir. Sərgidəki əsərlər bir dəyər altında birləşir. Həmin dəyərin adı "anlam"dır. Tamaşaçı sərgidən çıxandan sonra özü ilə həmin dəyəri aparacaq".
Soltan Soltanlı nə çəkirsə-çəksin, hökmən hər bir əsərdə anlam ifadə edir. Rəssam mövzularını həyatın içindən çıxarır, hadisələrə dərin məna yükü verir və onları tamaşaçıya qeyri-adi şəkildə təqdim edir.
Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr”, “Qarışıq” kimi mövzular üzrə tamaşaçılara təqdim olunur.
Qeyd edək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. 1997-ci ildən müxtəlif ölkələrdə keçirilən beynəlxalq yarışma, festival və sərgilərə qatılaraq Azərbaycanı uğurla təmsil edir. Bir çox mükafatlara layiq görülüb, əsərləri yüzlərlə kataloqda nəşr olunub, 50-dən çox ölkədə muzey və şəxsi kolleksiyalarda qorunur.
Rəssamın Müasir İncəsənət Muzeyində sərgisi dekabrın 2-dək davam edəcək. |