|
Soltan Soltanlı: “Rəssam gördüyü mənzərənin arxasında olanı üzə çıxarmağı və sənət kimi insanlara təqdim etməyi bacarmalıdır”
İspaniyanın Madrid şəhərində keçirilən 6-cı beynəlxalq rəsm müsabiqəsində azərbaycanlı rəssam Soltan Soltanlı 2-ci yerə layiq görülüb. O, yarışmaya "Kalva ətrafında döyüş” əsəri ilə qatılıb. Əsəri öncə yağlı boya ilə kətan üzərində çəkən rəssam sonradan onun qrafik variantını işləyib və həmin fotonu müsabiqəyə göndərib. O, sözügedən əsəri keçən ilin aprel döyüşlərindən təsirlənərək yaradıb.
Soltan Soltanlı 20 ildən artıqdır ki, rəssamlıq sənəti ilə məşğul olur. Rəngkar, qrafika ustası və karikaturaçıdır. O, "Soltan gülür”, "Soltanın cizgiləri” və "Karikaturalar” kitablarının müəllifidir. 2000, 2003-cü illərdə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, 2001-ci ildə M.F.Axundov adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, 2004-cü ildə İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil olunub. Bundan başqa, rəssam Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra yerli və beynəlxalq sərgilər təşkil edib. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Müsahibimiz indiyədək çoxlu beynəlxalq karikatura müsabiqələrində iştirak edib, mükafatlar qazanıb. Əsərləri dünyanın müxtəlif ölkələrindəki karikatura muzeylərində və özəl kolleksiyalarda saxlanılır. Rəsmləri çoxsaylı beynəlxalq rəsm kataloqlarında çap olunub.
Biz də rəssamı təbrik edib, əvvəlcə təəssüratlarını xəbər aldıq:
- Belə bir yarışmada qalibiyyət əldə etmək hər bir rəssamın arzusudur. Beynəlxalq səviyyədə bu tip festivallar rəssamların gücünün göstəricisidir. Rəssamlar başqalarının əsəri ilə müqayisədə öz əsərinin hansı səviyyədə olduğundan xəbərdar olur. Mən də festivalda öz gücümü tanıma şansı əldə etdim. Bu mənim ilk qalibiyyətim deyil. Ümid edirəm ki, davamı gələcək.
- Sözügedən müsabiqə dünyada hansı səviyyədə tanınır?
- Bu, ənənəvi beynəlxalq müsabiqədir. Əgər altıncı dəfə keçirilirsə, demək ki, seçilir. Mən özüm bu müsabiqəyə 4 əsər göndərmişdim. Müsabiqədə çoxsaylı əsərlər olub. 77 əsər finala vəsiqə qazanıb. Onlardan 3-ü son finala qədər gəlib çıxıb. Çox şadam ki, finalçılar sırasında mən də varam. Məlumat üçün bildirim ki, orada dekabrın 17-dən başlayaraq fevral ayının 26-na qədər finala vəsiqə qazanmış əsərlərin sərgisi keçirilir. Bu şəkli ötən ilin aprel döyüşlərində çəkmişəm. O döyüşlərdə çox şəhidlər verdik və mən bundan təsirləndim. Müharibə mövzusu məni çox cəlb etdi. Elə bir şey çəkmək istədim ki, sadəcə təsvirdən ibarət olmasın. Burada səngər həm də əsgərin məzardır. O öz qəbrini qazaraq döyüşə girir və bilir ki, bu döyüşdə həlak olacaq. Bunun üçün mən səngəri ənənəvi formada deyil, qəbir formasında təsvir etdim. Bununla da əsgər öz qəbrindən düşmənə qarşı döyüşür. Orada yağlı boya variantında döyüşçülərin Azərbaycan əsgəri olmasını sübut etmək üçün bir əsgərin qolunda Azərbaycan bayrağını da əks etdirmişəm.
- Əsərinizin adı "Kalva ətrafında döyüş”dür. Ancaq qeyd edirsiniz ki, bu əsəri aprel döyüşlərindən təsirlənib yazmısınız...
- Kalva mənim kəndimdir. Bu, kalafa sözündən götürülüb. Kalafa türk dilində uçmuş, dağılmış bir yer mənasını verir. Bizim kəndimiz qədim bir kənddir. Bunu nə üçün Cəbrayıl üzərində döyüş yox, Kalva üzərində döyüş kimi qeyd etmişəm? Elə hesab etdim ki, o döyüş mənim kəndimdə baş verir. Orada vuruşan mənim yerlilərimdir.
- Bəs nə üçün müsabiqəyə məhz bu əsərinizi göndərdiniz?
- Bu sənətdə bir rəmzləşdirmə, bir rəng var. Müsabiqə elan olunanda düşündüm ki, hansı əsəri göndərim? Bu cür yarışmalarda ən əsas güclü ideya olmalıdır. Güclü ideya ifadə etməyən əsər yer qazana bilməz. Ona görə də rəssamlar həmişə ən güclü əsərlərini göndərirlər. Təsəvvür edin ki, oraya dünyanın ən çox sayılıb-seçilən rəssamlarının əsərləri göndərilir. Ona görə fikirləşdim ki, bu əsərin yer qazanma şansı var.
- Əsərlərinizin demək olar ki, çoxuna baxmışam. Ancaq müharibə ilə bağlı heç bir əsərinizi görməmişəm...
- Müharibə mövzusunda cəmi iki əsərim var. Açığını deyim ki, öncədən çəkəcəyim mövzu haqqında düşünmürəm. İlham insana birdən-birə təsir edir. Qarşıma məqsəd qoysam ki, müharibə mövzusunda çəkəcəm, inanın ki, heç nə çəkə bilməyəcəm. Əsərin yaranma məsələsi istənilən mövzuda daha çox təəssüratla bağlı olur. Bu əsər də həmin təəssüratdan yarandı. Yəni elə bir şey çəkim ki, onu indiyə qədər heç kim çəkməyib. Bu mənim üçün yaradıcılığın əsas məğzidir. Yoxsa uşaq, qadın portreti, kənd, mənzərə – bunlar çox adi şeylərdir. Bununla sənət inkişaf etməz. Dünyanın tələbi tamamilə başqadır. 2000-ci ildən beynəlxalq yarışmalarda, festivallarda iştirak edirəm. Orada rəsm sənətinə dünyadakı tələbləri görəndə bilirsən ki, dünya nə istəyir. Rəssamlıq sənətinin yönü hara olmalıdır, necə olmalıdır. Bu çox önəmli məsələdir. Sənətkar başqalarını heyrətləndirməyi, təəccübləndirməyi hökmən bacarmalıdır. Gərək dünyaya elə bir söz deyəsən ki, fərqli olsun. Bu, incəsənətin digər nümayəndələri üçün də vacibdir. Tutaq ki, dünya kinosu davamlı inkişaf edir və sən elə bir şey hazırlamalısan ki, həmin standartlara cavab versin. Azərbaycan rəssamı elə bir əsər ortaya çıxarmalıdır ki, desinlər, bəli, bu ölkənin rəssamı da sözünü deməyi bacarır. Dünyanın tələbini bilmək çox önəmlidir.
- Bir rəssamın insanlara çatdırmaq istədiyi mesaj bəzən bir siyasətçinin, hətta siması tanınan, dünyaca məşhur ulduzun demək istədiklərindən də güclüdür. Elə hesab etmirsinizmi ki, beynəlxalq müsabiqələrdə Azərbaycanın musiqisini, mədəniyyətini, mətbəxini əks etdirmək daha maraqlı olardı?
- Tamamilə doğrudur. Ən başlıcası, sərbəst mövzu seçirəm. Məni narahat edən, düşündürən fikirləri çəkirəm. Əsərlərin içərisindən yarışmanın maraqlarına uyğun olanını göndərirəm. Bir də mövzulu yarışma var. Bu yaxında Belçikada keçirilən çox böyük yarışmanın nəticəsi açıqlanacaq. 40 ildən çoxdur ki, bu müsabiqə keçirilir. Mövzusu ruhla bağlıdır. Bu çox düşündürücü və fəlsəfi bir şeydir. Belə mövzulu yarışmalarda çox gərgin oluram. Rəsm əsəri yaratmaq əl işi deyil, beyin işidir. Filosofluğa bərabər bir şeydir. Rəssam fikrini o qədər açıq və aydın ifadə etməlidir ki, orda onu başa düşsünlər. Müasir incəsənətin özündən ayrılmasını, qəlizləşməsini sevmirəm. Çox zaman rəssamlar elə əsərlər çəkirlər ki, insanlar onu anlamaqda çətinlik çəkirlər. Rəssam yaratdığı əsəri ilə tamaşaçını borclu çıxarır ki, siz məni başa düşmürsünüz, anlaya bilmirsiniz. Halbuki, rəssamın düşüncə səviyyəsi o qədər zəifdir ki, o, fikrini açıq ifadə edə bilmir. Mövzusu, süjeti, mənası olmayan, başı ilə ayağı bilinməyən əsərlər dünyada, eləcə də bizim ölkəmizdə müəyyən insanlar tərəfindən yüksək dəyərləndirilir. Guya rəssam burda nəsə demək istəyib. Tam məsuliyyətlə deyirəm ki, əslində burada heç bir fikir yoxdur. Fikir odur ki, Günəşin göydə görünməsi qədər adi bir həqiqət olsun.
- Dəyərləndirmək demişkən, bu mövzu barədə bir araşdırma etmişdim və aydın olmuşdu ki, Azərbaycanda və dünyada ən çox satılan əsərlər məhz bucür qeyri-müəyyən, qarışıq əsərlərdir.
- Tamamilə düzdür, xüsusi adamlar var ki, rəğbət yaratmaq üçün onları yayırlar. Bu bilirsiniz nəyə bənzəyir? İllər əvvəl insanlara deyirdilər ki, nehrə yağı insanlara ziyandır. İnsan bitki yağı yeməlidir. Ancaq bu bitki yağının arxasında böyük istehsalçılar dayanır. Ondan yaxşı pul qazanırlar. Bu gün insanların xərçəng xəstəliyinə tutulmasının yarısı məhz bu bitki yağlarının öhdəsinə düşür. Yəni demək istəyirəm ki, təbliğatdan çox şey asılıdır. Bütün bunların başında iyirminci əsrin əvvəllərində yaranmış cərəyanların əndrəbadi, əcaib-qəraib, anlaşılmayan əsərlərini dünyaya təqdim edən rəssamları dayanır. Qeyd edim ki, dünyanın ən məşhur rəssamları bəşəriyyətin sənət zövqünün korlanmasında da çox böyük xidmət göstəriblər. Misal üçün, Pablo Pikassonun yaratdığı eybəcərliyi kim yarada bilər? Ancaq nə olsun ki, indi onun adı dünyada məşhurdur. Onun bəzi əsərləri insanı zalım edir. Bu qarışıq əsərlərin altında rəssam özü bir izahat yazmasa, insanlar heç nə anlamayacaq. Bunun hamısı tapmacadır.
- "Sənət o zaman ölür ki, fantaziyadan mərhumdur”- bu fikirlər sizə məxsusdur. Rəsm çəkməyə başlayarkən reallığamı, fantaziyayamı üstünlük verirsiniz?
- İndiyə kimi reallıqdan hamı çəkib, indi də çəkirlər. Realizm rəssamlığın əsasında durur. Amma sənət yalnız realizmdə ilişib qalırsa, bu, faciədir. Azərbaycanın Sovet dövrünün rəssamlarının əsərlərinə baxanda bir az da təəssüf hissi keçirirəm. Bilmirəm dövrdürmü, zəmanədirmi onları belə edib. Ona görə də bu əsərlərin çox az bir hissəsi gedib gələcəyə çıxacaq. Kolxoza, quruculuğa həsr olunan əsərlər bu gün önəm daşımır. Rəssam hər şeyi olduğu kimi görürsə, onu digər insanlar da elə görür. Rəssam təbiəti, gerçəkliyi olduğu kimi görmür. Gördüyü mənzərənin arxasında olanı üzə çıxarmağı və sənət kimi insanlara təqdim etməyi bacarmalıdır. Hətta olmayanı çəkib göstərməyə belə, borcludur. Bu sənət həyatı insanlara inandırmaq üçün yaranıb. Sənətin məqsədi insanları dünyaya inandırtmaqdır. Hər çəkilən rəsm əsərində bir məna var. Ancaq bir məsələ var, o bunu nə qədər bacarır, yaxud bacara bilirmi? Bunu nə dərəcədə ifadə etmək gücü var? Bu, rəssamdan ustalıq tələb edir. Burda fantaziya, xəyal dünyası mütləqdir. Mənim çox dəyər verdiyim rəssamlar cizgi filmi ustalarıdır. Çünki onlar uşaqlar üçün çox maraqlı fantaziya yaradırlar. İstəyirlər ki, uşaqlarda maraq yaratsınlar. Onların da hamısı yox. Bəzi cizgi filmləri uşaqları qabalaşdırır, uşaqlığından ayırır. Nə janr olursa-olsun, orada fantaziya və romantikanı çox sevirəm.
- Sizin əsərlərinizdə də bu, hiss olunur. Bəs həyatda necə, romantiksinizmi?
- Deməzdim ki, romantikəm. Mən reallığı hər zaman nəzərə alıram. Ancaq romantikadan məhrum deyiləm. Əsil romantik gerçəkliyi düzgün nəzərə alandır. Misal üçün, Hüseyn Cavid çox romantik insan olub. Ancaq biz həyatı onun qədər bilə bilərikmi? Görün nə qədər həyatı incəliyinə qədər dərindən bilib. Təəssüf ki, gerçəklik özü romantik deyil, üzücüdür, zəhlətökəndir. Ancaq sənətkar həmin romantikanı yaratmağa məcburdur, çünki o, həyata inanmağa və başqalarını inandırmağa məcburdur.
- Siz Azərbaycanda Karikatura Evinin yaradıcılarından olmusunuz. Ancaq təəssüf ki, indi onun fəaliyyəti haqqında heç bir məlumatımız yoxdur.
- 2004-cü ildə yaradıldı, İçərişəhərdə, indiki Muğam Teatrında. Oranın rəhbəri Arif Qazıyev mənə yer verdi və biz orda fəaliyyət göstərdik. Orada beynəlxalq və yerli sərgilər keçirdik, maraqlı tədbirlərimiz oldu, müəyyən səbəblərdən belə qərara alındı ki, oranın fəaliyyəti dayansın. Çox böyük istəyim var ki, Azərbaycanda belə bir qurum yaradılsın. Dünyanın hər yerldərində karikatura evləri var və turistlərin ən çox maraq göstərdiyi ünvanlardan biridir. Karikatura rəssamlığın ən çətin janrıdır. Hamı əlinə fırça alıb ayağı-başı bilinməyən tablolar yarada bilər, əncaq hər kəs karikatura yarada bilməz. Karikatura düşüncə tələb edir.
- Əvvəllər qəzet səhifələrində karikaturalara geniş yer verilirdi. İndi isə buna rast gəlmirik. Sizcə, bu nədən qaynaqlanır?
- Açığı, təkliflər yoxdur. Yəqin ki, qəzetlərin maddi vəziyyəti bir qədər çətindir. On il ardıcıl qəzetlərə karikatura çəkmişəm. Onlardan yaxşı qonorar almışam. 1995-ci ildən 2005-ci ilə qədər. İnsanlar karikaturanı vəzifəli insanın tənqidi kimi başa düşürlər. Bu, karikaturada mövzu ola bilər. Ancaq karikatura özü janr kimi insanların düşündüyü dar çərçivələrdə deyil. Karikatura sənətinin çox böyük tarixi ənənəsi olsa da, biz onu yaşada bilmədik.
Xəyalə Rəis
"Kaspi" qəzeti, 18 yanvar 2017-ci il. |
|