Soltan
          Soltanli

 

"Sənət o zaman ölür ki, fantaziyadan məhrum olur"

 
 
Soltan Soltanlı 20 ildən artıqdır ki, rəssamlıq sənətilə məşğul olur. Rəngkar, qrafik və karikaturaçıdır. Karikaturalardan ibarət "Soltan gülür", "Soltanın cizgiləri" və "Karikaturalar" kitablarının müəllifidir. 2000, 2003-cü ildə Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda, 2001-ci ildə M. F. Axundov adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, 2004-cü ildə İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil olunub.
Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra yerli və beynəlxalq sərgilər təşkil edib. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
İndiyədək çoxlu beynəlxalq karikatura müsabiqəsində iştirak edib, mükafatlar qazanıb. Əsərləri dünyanın müxtəlif ölkələrindəki karikatura muzeylərində və özəl kolleksiyalarda saxlanılır. Rəsmləri çoxlu beynəlxalq rəsm kataloqlarında çap olunub.


- Soltan müəllim, indiyədək beynəlxalq müsabiqələrdə hansı uğurlara imza atmısınız?
- Hər il müxtəlif ölkələrdə karikatura sahəsində beynəlxalq yarışmalar keçirilir. Bu yarışmalar rəssamlar üçün böyük sınaq meydanıdır. Yarışmalar mövzusuz (sərbəst) və mövzulu olur. Yarışmaların tələblərinə uyğun əsərlər işləyib göndərirəm. Bir sıra beynəlxalq mükafatlar qazanmışam. Əldə etdiyim ən böyük nailiyyətim Türkiyədə keçirilən beynəlxalq yarışmada birinci yeri qazanmağım olub. Məni ora mükafatlandırma mərasiminə dəvət etdilər. Məntiqlə hamıdan öncə ilk yerin sahibi orada olmalı idi. Türkiyəyə getmək üçün yolpulu tapmadım. Kimin üstünə getdimsə, ümidsiz qayıtdım. Nə isə, mükafatımı Azərbaycanın İstanbul konsulluğuna təqdim etdilər. Sonradan internetdən gördüm ki, mükafatlandırma mərasiminə məndən başqa, o biri mükafatçıların hamısı qatılıb.
Beynəlxalq yarışmalarda müxtəlif yerlər və mükafatlar qazanmışam. Mükafat qazanmayanda belə əsərlərim mütəlif festival və yarışmaları sərgiləri üçün seçilib, kataloqlara salınıb, muzey və qalereyalarda saxlanılıb.

- Beynəlxalq müsabiqələrə qatılmağın hansı çətinlikləri var və siz onları necə dəf edirsiniz?
- Çətinlik çoxdur. Müsabiqələrin çoxusu orijinal əsər istəyir. Bu baxımdan əsərlərimin çoxunun orijinalı özümdə deyil. Yarışmalara qatılmaq maddi xərcdir, buçağacan çətin də olsa, hamısını özüm qarşılamışam. Poçtla dünyanın o başına əsər göndərirəm, qiymətlər məsafədən və çəkidən asılı olaraq dəyişir. Doğrusu, bundan usandığım hallar da olub. Ancaq şikayətlənməyi də sevmirəm.

- Hansı ölkələrdə fərdi sərgiləriniz təşkil olunub?
- Azərbaycanda 4 fərdi sərgim keçirilib. İranın Təbriz və Ərdəbil şəhərlərində də sərgilərim olub.

"Heç birinə özüm gülə bilmirəm"

- Həmin sərgilərdə ən çox nədən təsirlənmisiniz? Yaxud həmin sərgilərlə bağlı yadınızda qalan maraqlı əhvlatlar varmı? Mümkünsə onlardan birindən söz açasınız.
- Mən uzun illər qəzetlər üçün karikaturalar çəkmişəm. Həm də karikaturalarımı qəzet səhifələrindən sərgi salonlarına gətirməyi bacardım. Karikatura təsirləndirən sənətdir. İlk olaraq tamaşaçıları mən təsirləndirmişəm, onlara düşünmək üçün yeni mövzular vermişəm. Onları əsərdə təsvir etdiklərimin həyatda ola biləcəyinə inandırmışam. Sənət insanı həyata inandırmalıdır.
Maraqlı məqamlar olub. Məsələn, tamaşaçılar əsərlərimə baxanda bəzən uğunublar. Həmin gülən adamlar elə biliblər ki, başqalarına gülürlər. Sonra həmin adamların eyni əsəri dərin kədərlə seyr etdiklərini görmüşəm. Demək, onlar əsərdə özlərini görüblər. Əsərlərdə yaratdığım gülməli durumların heç birinə özüm gülə bilmirəm. Onlar hamısı mənim üçün çox ciddi hadisələrdir. Mən insan faciələrini çəkirəm.
2000-ci il iyunun 5-də keçirdiyim ilk sərgimdə elə karikatura vəziyyəti yaranmışdı. Bu sərgi indiki "Xaqani" Ticarət Mərkəzində olmalı idi. Sərgini bir xeyriyyə cəmiyyəti təşkil edirdi. 15 gün öncədən binanın qabağında reklam da vurulmuşdu. Sərgiyə bir gün qalmış 60-dan çox əsəri gətirib salondan asdım. Səhəri saat 14.00-da sərginin açılışı olmalı idi. Açılışdan iki saat öncə gəlib gördüm ki, əsərlər hamısı yerdədir, bir-birinə qarışıb. İlk sərginin sevinci sarsıntı ilə əvəzləndi. Çox dəhşətli məqam idi. Oradakılardan soruşdum ki, sərgini kim söküb? Dedilər, binanın sahibi. Binanın sahibi də iranlı idi. Onun yanına gedib çox hirsli danışdım. Niyə sökdüyünü soruşdum. İnsafən məni sakitləşdirmək istəyirdi. Açıq sezilən üzrxahlıqla deyirdi ki, mən bu sərgini burada keçirə bilmərəm. Bəs necə olsun? Artıq adamlar da bir-bir sərgiyə gəlirdilər. Bu anda ağlıma ilk gələn o oldu ki, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini (indi katibdir) Ağəli İbrahimova zəng edim. Danışdım, vəziyyəti dedim. Onda Ağəli müəllim çox mərd hərəkət elədi. Dedi əsərləri gətir, sərgini Rəssamlar İttifaqında edək. Orada - V. Səmədova adına sərgi salonunda 1 iyun Beynəlxalq Uşaqlar Günü ilə bağlı sərgi vardı. Tez uşaqların sərgisini sökdük, yerinə mənim əsərlərimi asdıq. Bununla belə sərgiyə çox adam gəlmişdi. Beləliklə, o gün həm gülməli, həm də kədərli bir gün yaşadım.

"İndi isə eybəcərlik sənətə gülür"

- Sizcə, bu gün bizim rəssamlar dünya karikatura sənəti ilə ayaqlaşa bilirmi? Onlardan kimlərin adlarını çəkə bilərsiniz?

- Karikatura sənətinin Azərbaycanda tarixi ənənəsi var. Sovet dönəmidə bu sənət çox yüksək nöqtəsinə çatmışdı. Azərbaycan karikaturaçılarının beynəlxalq yarışlarda əsaslı iştirakı 2000-ci illərdən başlayır. Bu müddətdə rəssamlarımız bir çox uğurlar qazanıblar. Hafiz Nəsiroğlu, Bayram Hacızadə, Seyran Cəfərli, Elman Mirzəyev beynəlxalq yarışmalara qatılırlar. Hər bir həmkarımın öz yaradıcılıq yolu, uğurları var.

- Bu gün Azərbaycanda karikaturaya münasibəti necə dəyərlənirərdiniz?

- Ümumiyyətlə, bizdə bu gün ciddi sənətə barmaqarası, saymaz münasibət geniş yayılıb. Qabaqlar sənətin təmizləmək, arındırmaq gücü vardı. İndi o güc sənətdə qalmayıb. Öncələr sənət eybəcərliyə gülürdü, indi isə eybəcərlik sənətə gülür. Sənət eybəcərliyin öhdəsindən gələ bilmir, ona təslim olur. Karikatura çox ciddi sənətdir. Ona görə karikaturaya ciddi münasibət gərəkdir.

- Sizə elə gəlmirmi bizim karikatuaçılar hələ də Qarabağla bağlı öz sözlərini deməyiblər...
- Mənim savaş mövzusunda bir neçə işim var. Həmin əsərlər elə Qarabağ ağrısından yaranıb.

"Mən şəkil çəkmirəm"

- Nə vaxtdan karikatura çəkməklə məşğulsunuz? İlk əsəriniz hansı mövzuda olub?

-1995-ci ildən karikatura çəkirəm. İlk əsərimi dəqiq xatırlamıram, gərək arxivə baxam.

- Bu sahəyə gəlməyinizə hansı amillərin təsiri olub?
- Karikaturaçılıq düşücə sənətidir. Mən fantaziya yaratmağı, xəyal qurmağı çox sevirəm. Yaradıcı adam üçün bundan böyük üstünlük ola bilməz. Sənət o zaman ölür ki, fantaziyadan məhrum olur. Bu sahəyə gəlməyimdə mütaliəmin, dərin düşünə bilməyimin, ən başlıcası, dəqiq həyati müşahidələrimin böyük rolu olub, var.

- Mətbuat orqanlarında karikaturalara, demək olar ki, təsadüf olunmur. Bu nədən irəli gəlir? Bu məsələ sizi narahat edirmi?
- Mən illər uzunu qəzetlər üçün çəkmişəm, hər gün çap olunmuşam. İstəyərəm ki, yenidən qəzetlərdə çap olunum. Ancaq karikaturaya marağı olan, həm də buna görə qonorar verən qəzet yoxdur.

- Karikaturaçı rəssamın hansı özəllikləri var?

- Başqalarını deyə bilmərəm, mən əsər çəkərkən çox gərgin oluram. Əsər çəkmək dərin düşünmək tələb edir. Burada artıq rəssamdan filosofluq tələb olunur. Gərək mənanı cizgi və rəngin dili ilə elə sadə və dəqiq verəsən ki, artıq sözə gərək olmasın. Əsərdə qəlizliyi, qondarmaçılığı, yalançı pafosu, həyatdan gəlməyən mövzu və ideyanı sevmirəm. Mən əbədi ideyaları, mövzuları çox sevirəm. Ona görə əbədi ideyalar axtarışındayam, onları rəssamlığa gətirmək istəyirəm. Sənətdə əbədi ideyalar heç vaxt ölmür.

- İndiyədək çəkdiklərinizə görə başınız nələrsə çəkməyib ki?
- Bu haqda yuxarıda danışdıq. Hə, bir də... Bir dəfə qəzetlərin birinə çap olunmaq üçün 30-dan çox orijinal əsər vermişdim. Dedilər, qoy qalsın, gündə birini çap edərik, sonda hamısını götürərsən. Əsərlər çap olunandan sonra redaksiyaya getdim, orijinalları istədim. Dizayner dedi ki, məgər onlar sizə gərək idi, atdıq getdi, onsuz da qəzetdə çap olunub.

- Sizi daha çox karikaturaçı kimi tanıyırıq. Acaq həm də rəngkarlıq və qrafika ilə məşğul olursunuz...
- Düzdür. Rəssamlığın hansı sahəsi, janrı olur-olsun, mənim üçün başlıca olan fikir ifadə etməkdir. Mən şəkil çəkmirəm, fikri çatdırıram. Mənası olmayan nəsə çəkmək istəmirəm. Elə aydın çəkmək istəyirəm ki, tamaşaçı mənaya, məğzə daha tez çatsın. Düşüncəsi aydın olmayan rəssam ömründə aydın əsər çəkə bilməz.

Qvami Məhəbbətoğlu

www.yeniavaz.com
21.11.2016

 
© Soltan Soltanli (2017)